“Meqa Həyat Sığorta” ASC 2022-ci il
üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq audit
olunmuş maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
Maliyyə hesabatlarına əsasən 2022-ci
il üzrə "Meqa Həyat Sığorta " ASC-nin cəmi gəlirləri 2 milyon 230 min
manat, cəmi xərcləri isə 1 milyon 512 min manat təşkil edib. Müqayisə üçün qeyd
edək ki, 2021-ci ildə şirkətin cəmi gəlirləri 951 min manat, cəmi xərcləri isə
724 min manat olmuşdu.
2022-ci ildə şirkət təqdim etdiyi həyat
sığorta məhsulları üzrə ümumilikdə 2 milyon 402 min manat sığorta haqqı
toplamışdır ki, bu da 2021-ci ilin göstəriciləri (442 min manat) ilə müqayisədə
5 dəfədən çox artım deməkdir.
“Meqa Həyat Sığorta” ASC ötən il 1 milyon 178 min manat investisiya gəliri
əldə edib. Şirkətin 2021-ci ildə əldə etdiyi investisiya gəliri 841 min manat
olmuşdu. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə şirkətin investisya gəlirləri
40% artmışdır.
2022-ci ildə şirkətin xalis mənfəəti də 2021-ci illə müqayisədə 3 dəfədən
çox artaraq 574 min manat təşkil etmişdir. 2021-ci ildə bu rəqəm cəmi 182 min
manat idi.
Şirkətin maliyyə hesabatları ilə https://megalife.az/maliyyet-hesabatlari linki vasitəsi
ilə tanış olmaq olar.
Qeyd edək ki, 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis
edilən “Meqa Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil
sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları,
o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və
yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti
götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi
və korporativ həyat sığortası məhsulları təklif edir.