İpoteka Həyat Sığortası
“Kredit müqavilələri üzrə borcalanın həyatının
ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2024-cü il tarixli
20/4 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qaydalara görə sığorta obyekti sığorta
olunanın həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləri, sığorta
predmeti kredit müqavilələri üzrə borc alan fiziki şəxslərdir.
Sığortaçı sığorta müqaviləsinə əsasən ən
azı aşağıdakı risklərdən sığorta təminatı verir:
- sığorta olunanın ölməsi;
- sığorta olunanın xəstəlik və ya
bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə
əlaqədar ona əlillik dərəcəsinin təyin olunması.
Sığorta məbləği sığorta müqaviləsinin
bağlanması tarixinə kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq əsas
borc qalığının 110 (yüz on) faizini aşmamalı və azı kredit müqaviləsi üzrə əsas
borc qalığına bərabər olmalıdır. Sığorta müqaviləsi üzrə sığorta məbləği
sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında aşağıdakılardan biri
üzrə müəyyənləşdirilir:
- kredit müqaviləsi üzrə borcun
ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə
tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;
- kredit müqaviləsi üzrə borcun
ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan
sığorta məbləğində.